"ABŞ da Qarabağın bərpası prosesindən kənarda qalmaq istəmir". Bu fikirləri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində Milli Məclisin komitə sədri Ziyafət Əsgərov səsləndirib.

"ABŞ çox gözəl bilir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və müharibədən sonra yeni reallıqlar yaranıb. Bu yeni reallıqları da Azərbaycan diktə edir. Blinkenin zənginin əsas məqsədi də odur ki, Birləşmiş Ştatlar bu məsələləri məhz Azərbaycan ilə müzakirə etmək istəyir. ABŞ da Qarabağın bərpası prosesindən kənarda qalmaq istəmir. Müharibə dövründə Birləşmiş Ştatlar bir qədər kənara çəkilsə də, Azərbaycanın geostrateji cəhətdən önəmini anlayır və əlaqələrin intensivləşdirilməsi arzusundadır. Bu onu göstərir ki, ABŞ regional təhlükəsizlik cəhətdən Azərbaycanı yüksək qiymətləndirir", - deyə millət vəkili bildirib.

O, eyni zamanda Ermənistanda seçkiqabağı xaotik vəziyyətin hökm sürdüyünü, Qarabağ klanı ilə hazırki hakimiyyət arasında qızğın mübarizənin getdiyini qeyd edib: "Lakin istər Köçəryan, istər Sarkisyan tarixin zibilliyinə atılmış fiqurlardır. Onların hakimiyyətə gəlmək əmsalı sıfırdır. Erməni xalqı bu şəxslərin əməllərini yaxşı bilir. Ermənistanın bugünkü vəziyyətə düşməsinin səbəbkarları Köçəryan ilə Sarkisyandır və əgər Minsk qrupu fəaliyyətinə davam etmək istəyirsə, mina xəritələrinin Azərbaycana verilməsini tələb etməli, regionda sülhün bərqərar olmasına çalışmalıdır. Ermənistanın revanşist meyillərdən xilas olması üçün ona təzyiq etməlidirlər".

Deputat Qarabağın bərpası mövzusuna toxunub: "Quruculuq işləri davam etdikdən sonra Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın siyasi, sosial, iqtisadi sisteminə reinteqrasiya oluna bilərlər. Minsk qrupu fəaliyyətinə davam edəcəksə, reinteqrasiya prosesinə töfhə verməli, Ermənistanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanımasına çalışmalıdır".